Tərcümeyi hal
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
Sialə İsmayıl qızı Rüstəmova
Sialə Rüstəmova 09.08.1965-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri 4 nömrəli orta məktəbi, 1988-ci ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1989-cu ilin yanvar ayında Azərbaycan Bioloji Kombinatında baytar həkim vəzifəsində iş fəaliyyətinə başlamışdır. İşlədiyi müddət ərzində ixtisas səviyyəsini artırmış, elmi axtarışlar üzrə böyük əmək və səyləri sayəsində baytar həkimi vəzifəsindən mikrobioloq, dövlət nəzarətçisi və 1994-cü ilin dekabr ayında biokombinatın direktor vəzifəsinə kimi yüksəlmişdir.
S.Rüstəmovanın rəhbərliyi altında biokombinatda pasterellyoz, qarayara prisipitəedici, paratif əleyhinə hiperimmun serrumlar və quduzluq, pasterellyoz xəstəlikləri əleyhinə vaksinlər istehsal olunmuşdur.
Sialə Rüstəmovanın iş təcrübəsi və idarəçilik üslubu nəzərə alınaraq, 2009-cu ilin sentyabr ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktor vəzivəsinə təyin edilmiş və 2010-cu ilin aprel ayından 2015-ci ilin sentyabr ayına kimi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Sialə Rüstəmova baytarlıq işçiləri arasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın baytarlıq sisteminin inkişafında, onun milli baytarlıq siyasətinin formalaşmasında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. 2010-cu ildə onun rəhbərliyi altında Milli baytarlıq qanunvericiliyi nəşr edilmişdir. 5 il müddətində Ümümdünya Heyvan Sağlamlığı Təşkilatında (OİE) Azərbaycan dövlətinin nümayəndəsi olaraq ölkəni yüksək səviyyədə təmsil etmişdir. 2015-ci ildə seçki yolu ilə Ümümdunya Heyvan Sağlamlığı Təşkilatının Avropa dövlətləri üzrə Subregional Komissiyasının vitse-prezidenti seçilmişdir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə ölkənin epizootik durumunda vacib hesab edilən heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin yüksək səviyyədə təşkilində, epizootik sabitliyin qorunmasında Sialə Rüstəmovanın zəhməti və fəaliyyəti əvəzedilməz olmuşdur.
O, 2015-2016-cı illərdə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.
Sialə Rüstəmova 2013-cü ildə Ukraynanın Lvov Baytarlıq Təbabəti və Biotexnologiya Milli Universitetinin doktoranturasına qəbul olmuş və 2016-cı ildə parazitologiya ixtisası üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Baytarlıq elmləri fəlsəfə doktoru elmi dərəcəsi diplomuna layiq görülmüşdür (№036311). Həmin diplom isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Şəhadatnamə - FDTA №00004 nömrəli 29.12.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasında tanınır və aqrar elmlər fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent sayılır.
S.Rüstəmova savadlı və bacarıqlı tədqiqatçı-parazitoloq olmaqla bərabər, həm də bioloji preparatların istehsalı sahəsində geniş təcrübə və biliyə malikdir. Belə ki, Ukraynada dissertasiya işi üzrə elmi tədqiqatlar apararkən yeni antihelmint - "Brovatriol" (təsiredici maddə Albendazol, Triclabendazole, Praziquantel) preparatının təsisçisi kimi (patent №102104) təsdiq edilmişdir. Kənd təsərrüfatı heyvanlarının helmintozlarına qarşı mübarizədə bu preparatın tətbiqi ilə fassiolyoz, moniezioz, diktiokaulyoz və həzm sistemi strongilyatozlarına qarşı yüksək effektiv səmərə əldə edilmiş və bununla da baytarlıq elminə yenilik gətirilmişdir.
Sialə Rüstəmova 2 (iki) patentin müəllif və həmmüəllifi, 5 (beş) kitabın həmmüəllifi, 1(bir) tezis, 1 (bir) təlimat, 4 (dörd) tövsiyə, Azərbaycanda və xarici ölkə jurnallarında nəşr edilmiş 60 (altmış) elmi məqalənin müəllifidir.
Sialə Rüstəmova 2018-ci il 7 avqust tarixində Kənd Təsərrüfatı Nazirinin əmri ilə (№365 K) Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur. İş fəaliyyətinə başladığı gündən öz innovativ ideyaları ilə fərqlənmiş, çalışqanlığı, fəallığı ilə seçilmişdir. S.Rüstəmovanın təşəbbüsü ilə institutun nəzdində “Baytarlıq klinikası” fəaliyyətə başlamış və baytarlıq cərrahiyyəsi, rentgenoqrafiya, ultrsəs müayinəsi, dermatoloq, peyvəndləmə və digər şöbələrdən təşkil olunmuş klinika hal-hazırdada fəaliyyətini uğurla davam etdirir. Burada infeksion, invazion və yoluxmayan xəstəliklərin diaqnozu üçün laborator müayinələr həyata keçirilir, stasionar müalicələr aparılır.
Bununla yanaşı S.Rüstəmova “İpəkqurdunun yemlənməsi üçün süni yemin istehsalı” layihəsini irəli sürmüşdür. Hazırda institutdabarama istehsalında ipəkqurdunun bəslənməsi üçün tut ipəkqurdlarının yemlənməsində süni yemin hazırlanması məqsədilə təcrübələr aparılır. Bu məqsədlə Lahiyə çərçivəsində institutun Pirşağı qəsəbəsində 10 ha torpaq sahəsində tut plantasiyası salınıb. Burada kümçülük təsərrüfatının yaradılması və tut ipəkqurdlarının yemlənməsində süni yemin istifadəsi nəzərdə tutulur.
S.Rüstəmovanın ideyası ilə institutun nəzdində 2-ci risk qrupuna daxil olan kənd təsərrüfatı heyvanlarının və quşlarının infeksion xəstəliklərin qarşısının alınmasında erkən diaqnozun qoyulması və innovativ mübarizə tədbirlərinin tətbiqi ilə məşğul olan2-ci Biotəhlükəsizlik Səviyyəli Diaqnostik Elmi-Tədqiqat Laboratoriyası fəaliyyətə başlamışdır.
Sialə Rüstəmova özünə qarşı tələbkar bir insan kimi işgüzar, tutduğu vəzifəsini dövlət maraqları çərçivəsində yüksək səviyyədə yerinə yetirən qayğıkeş rəhbər kimi kollektivin rəğbətini qazanmışdır.
30 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.