Qanunlar

Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının təsdiq edilməsi barədə

Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasının təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin (qeyd-şərtin mətni əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2007-ci il

№ 354-IIIQ

 

Ev heyvanlarının mühafizəsi haqqında AVROPA KONVENSİYASI

Bu Konvensiyanı imzalayan Avropa Şurasının üzv dövlətləri,

Avropa Şurasının əsas məqsədinin onun üzvləri arasında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu nəzərə alaraq,

bütün canlılara hörmətlə yanaşmağın insan üçün mənəvi bir borc olduğunu etiraf edərək və ev heyvanlarının insana xüsusi münasibətinin olmasını nəzərə alaraq,

ev heyvanlarının insanın həyat tərzinə keyfiyyətcə təsir göstərməsinin əhəmiyyətini və nəticə etibarilə cəmiyyətə verdiyi dəyəri nəzərə alaraq,

insanın çoxlu sayda müxtəlif növ heyvan saxladıqda çətinliklərlə üzləşməsini nəzərə alaraq,

ev heyvanlarının sayca çoxalmasının insanların və digər heyvanların gigiyenası, təhlükəsizliyi və sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq,

vəhşi fauna növlərinin ev heyvanları kimi saxlanılmasının təşviq edilməsinin məqsədəuyğun olmadığını nəzərə alaraq,

ev heyvanlarının alınmasını, saxlanılmasını, kommersiya və qeyri-kommersiya məqsədilə damazlığı və satılmasını nizamlayan müxtəlif şərtlərdən xəbərdar olaraq,

ev heyvanlarının heç də həmişə onların sağlamlığını və normal yaşayışını təmin edən şəraitdə saxlanılmadığından xəbərdar olaraq,

bəzi hallarda məhdud bilik və məlumat üzündən ev heyvanlarına çox fərqli münasibət bəsləndiyini vurğulayaraq,

məsuliyyətli ev heyvanı sahibinin meydana gəlməsi ilə nəticələnən əsas ümumi standart mövqelərin və təcrübələrin nəinki arzu olunan, həm də real məqsəd olduğunu nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Fəsil I

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Anlayışlar

1. Ev heyvanı dedikdə, insanın xüsusilə ev şəraitində fərdi zövq almaq və yoldaşlıq münasibətləri yaratmaq üçün saxladığı heyvan nəzərdə tutulur.

2. Ev heyvanları ilə ticarət dedikdə, heyvanlar üzərində mülkiyyət hüququnun başqasına keçməsini özündə ehtiva edən, gəlir əldə olunması üçün heyvanların kütləvi satışı məqsədilə həyata keçirilən bütün mütəmadi ticarət sövdələşmələri nəzərdə tutulur.

3. Ev heyvanlarının kommersiya məqsədilə saxlanılması və damazlığı dedikdə, heyvanların gəlir məqsədilə kütləvi artırılması nəzərdə tutulur.

4. Heyvanlar üçün sığınacaq dedikdə, çoxlu sayda heyvan saxlanıla biləcək qeyri-kommersiya xarakterli yer nəzərdə tutulur. Əgər milli qanunvericilik və/və ya inzibati tədbirlər buna imkan verirsə, belə sığınacaq sahibsiz heyvanları da qəbul edə bilər.

5. Sahibsiz heyvan dedikdə, küçədə, yaxud sahibinin evindən kənar ərazidə yaşayan, sahibinin nəzarəti altında olmayan ev heyvanı nəzərdə tutulur.

6. Səlahiyyətli orqan dedikdə, üzv dövlət tərəfindən təyin olunan dövlət orqanı nəzərdə tutulur.

 

Maddə 2. Əhatə dairəsi və həyata keçirilmə

1. Hər bir Tərəf bu aşağıdakılara münasibətdə Konvensiyanın müddəalarının həyata keçirilməsi üçün zəruri olan tədbirlərin yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür:

a) fiziki və ya hüquqi şəxs tərəfindən ev təsərrüfatında, ticarət məqsədilə və kommersiya yönümlü yetişdirmə və yerləşdirmə məqsədilə ayrıca yerdə və heyvan sığınacağında saxlanılan ev heyvanlarına;

b) zəruri hallarda sahibsiz heyvanlara.

2. Bu Konvensiyanın heç bir müddəası heyvanların müdafiəsinə və ya nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin mühafizəsinə dair digər sənədlərin həyata keçirilməsinə mane olmur.

3. Bu Konvensiyanın heç bir müddəası Tərəflərin ev heyvanlarını mühafizə etmək üçün daha ciddi tədbirlər görməsinə və ya Konvensiyada açıq şəkildə qeyd olunmamış heyvan kateqoriyalarına Konvensiyanın müddəalarını tətbiq etmək azadlığına mane olmur.

 

Fəsil II

 

EV HEYVANLARININ SAXLANMASI PRİNSİPLƏRİ

 

Maddə 3. Heyvanların rifahının əsas prinsipləri

1. Heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz.

2. Heç bir kəs ev heyvanını çölə ata bilməz.

 

Maddə 4. Saxlama

1. Ev heyvanını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir kəs bu heyvanın sağlamlığına və rifahına görə məsuliyyət daşıyır.

2. Ev heyvanını saxlayan və ya ona baxan hər bir kəs həmin heyvanın növünə və cinsinə uyğun olaraq yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq ona diqqət və qayğı göstərməlidir, xüsusən də:

a) ona lazımi və kifayət qədər yem və su verməli;

b) təlim üçün adekvat imkanları təmin etməli;

c) onun qaçmaması üçün bütün lazımi tədbirlər görməlidir.

3. Heyvan aşağıdakı hallarda ev heyvanı kimi saxlanıla bilməz:

a) 2-ci bənddə qeyd olunan şərtlərə riayət edilməzsə;

b) həmin şərtlərə riayət edilməsinə baxmayaraq, heyvan əsarətdə yaşamağa uyğunlaşa bilməzsə.

 

Maddə 5. Damazlıq

Heyvanı damazlıq üçün götürən hər bir kəs onun balasının və dişi heyvanın sağlamlığına zərər vura bilən anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması üçün məsuliyyət daşıyır.

 

Maddə 6. Sahib olma üçün yaş həddi

Heç bir ev heyvanı 16 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin aşkar razılığı olmadan satıla bilməz.

 

Maddə 7. Təlim

Heç bir ev heyvanı onun sağlamlığına və rifahına zərər vura biləcək üsullarla təlim edilməməlidir, xüsusən, əgər bu təlimlər heyvana ağrı verən, onun təbii imkanlarından və gücündən artığına məcbur edilməklə, lüzumsuz ağrı, zərər və əzab verən vasitələrdən istifadə edilərək aparılırsa.

 

Maddə 8. Heyvanların ticarət, kommersiya məqsədilə saxlanılması və damazlığı, heyvanlar üçün sığınacaqlar

1. Konvensiyanın qüvvəyə minməsi zamanı ev heyvanlarının ticarəti, yaxud kommersiya məqsədilə saxlanılması və ya damazlığı ilə məşğul olan, yaxud heyvan sığınacağı saxlayan hər bir şəxs Tərəflərin müəyyən etdiyi vaxtda səlahiyyətli orqanları bu haqda məlumatlandırmalıdır.

Bu fəaliyyət növləri ilə məşğul olmaq istəyən hər bir kəs əvvəlcədən bu niyyətini səlahiyyətli orqana bəyan etməlidir.

2. Bəyannamədə aşağıdakılar qeyd olunmalıdır:

a) bu fəaliyyətə cəlb olunan və ya cəlb olunacaq ev heyvanı növləri;

b) məsul şəxs və onun bilik səviyyəsi;

c) istifadə edilən və ya istifadə ediləcək yerin və avadanlığın təsviri.

3. Yuxanda qeyd olunan fəaliyyət növləri yalnız aşağıdakı hallarda həyata keçirilə bilər:

a) əgər məsul şəxs bu işlə məşğul olmaq üçün tələb olunan zəruri bilik və bacarıqlara peşəkar hazırlıq nəticəsində, yaxud ev heyvanları ilə işləmək sahəsində qazandığı təcrübə əsasında yiyələnibsə;

b) əgər seçilmiş yer və işlədilən avadanlıq 4-cü maddədə qeyd olunan tələblərə cavab verirsə.

4. Səlahiyyətdi orqan 1-ci bəndin müddəalarına uyğun olaraq verilən bəyannamə əsasında 3-cü bənddə qeyd edilmiş şərtlərə riayət olunub-olunmadığını təyin etməlidir. Həmin şərtlərə adekvat şəkildə riayət olunmadıqda, səlahiyyətli orqan zəruri tədbirlərin görülməsini məsləhət görür, lazım gəldikdə heyvanların rifahı üçün bu fəaliyyətə başlamağı və ya onun davam etdiril-məsini qadağan edir.

 

Maddə 9. Reklamlar, əyləncələr, sərgilər, yarışlar və oxşar tədbirlər

1. Aşağıdakı hallarda ev heyvanlarından reklam, əyləncə, sərgi və yarışlarda, habelə oxşar tədbirlərdə istifadə edilə bilməz:

a) təşkilatçılar ev heyvanları üçün Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinin tələblərinə cavab verən lazımi şəraiti yaratmayıblarsa;

b) ev heyvanlarının sağlamlığı və rifahı təhlükə altına qoyulursa.

2. Aşağıda qeyd olunan hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiqinə yol verilmir:

a) yarış vaxtı;

b) heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda.

 

Maddə 10. Cərrahiyyə əməliyyatları

1. Ev heyvanlarının xarici görkəmini dəyişmək məqsədilə və ya başqa qeyri-müalicəvi məqsədlərlə keçirilən cərrahiyyə əməliyyatları qadağan edilir, xüsusilə:

a) quyruğun kəsilməsi;

b) qulaqların kəsilməsi;

c) səsin batırılması;

d) dırnaq və dişlərin çıxardılması.

2. Bu qadağalardan istisnalar yalnız aşağıdakı hallarda ola bilər:

a) baytarın rəyinə görə qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytar-tibbi baxımdan lazımdırsa;

b) axtalamaq məqsədilə.

3. a. Əməliyyat zamanı heyvan şiddətli ağrılar keçirməli olacaqsa, bu əməliyyatlar anesteziya edilməklə yalnız baytar tərəfindən və ya onun şəxsi nəzarəti altında həyata keçirilməlidir.

b. Anesteziya tələb olunmayan əməliyyatlar dövlətdaxili qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs tərəfindən edilə bilər.

 

Maddə 11. Heyvanın həyatına son qoyma

1. Heyvanın əziyyətlərinə son qoymaq üçün baytar və ya başqa səlahiyyətli şəxsin köməyindən təcili istifadə etmək mümkün olmadığı hallar və ya ölkə qanunvericiliyində nəzərdə tutulan digər fövqəladə hallar istisna olmaqla, yalnız baytar və ya başqa səlahiyyətli şəxs heyvanın həyatına son qoya bilər. Heyvanın həyatına son qoyma şəraitə uyğun olaraq heyvana minimum fiziki və mənəvi əziyyət və ağrı verməklə aparılmalıdır. Heyvanın həyatına son qoymaq üçün seçilən üsul, fövqəladə halları istisna etməklə:

a) dərhal huşunu itirməklə və ya ölümlə nəticələnməlidir, yaxud da;

b) nəticə etibarilə heyvanın dəqiq ölümünə səbəb olacaq dərin narkoz verilməklə başlamalıdır.

Heyvanın həyatına son qoyan şəxs heyvanın cəmdəyini yox etməzdən əvvəl onun ölmüş olduğuna tam əmin olmalıdır.

2. Heyvanın həyatına son qoymağın aşağıdakı üsulları qadağan olunur:

a) 1.b. yarımbəndində qeyd olunan nəticələr verməyən suda boğma və digər boğma üsullarından istifadə;

b) dozası və tətbiqi 1-ci bənddə qeyd olunan nəticələr verəcəyinə təminat

olmayan zəhərli maddələrdən və ya dərmanlardan istifadə;

c) heyvanın dərhal huşunu itirməsi ilə başlanmayan elektrik cərəyanından istifadə.

 

Fəsil III

 

SAHİBSİZ HEYVANLAR ÜÇÜN ƏLAVƏ TƏDBİRLƏR

Maddə 12. Sayın azaldılması

Tərəf sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və/və ya inzibati tədbirlər həyata keçirir.

a) Bu tədbirlər aşağıdakı tələbləri əks etdirməlidir:

i. bu cür heyvanların tutulması gərəkdirsə, onlar minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulmalı;

ii. tutulan heyvanların sığınacaqda saxlanılması və ya evtanaziya edilməsi bu Konvensiyanın prinsipləri əsasında həyata keçirilməli;

b) Tərəflər aşağıdakı tədbirlərin baxılması öhdəliyini qəbul edirlər:

i. it və pişiklərin, tatuirovka və sahiblərinin adlan və ünvanlan ilə birlikdə nömrələrinin reyestrə salınması kimi cüzi ağrı verən və ya heç bir davamlı ağrı verməyən üsullarla daimi qeyd olunmasının təmin edilməsi;

ii. it və pişiklərin sayının planlaşdırılmamış artımının axtalama vasitə-silə azaldılması;

iii. sahibsiz it və pişikləri tapan insanların səlahiyyətli orqanlara müraciət etmələrinin təşviq olunması.

 

Maddə 13. Heyvanların tutulması, saxlanılması və onların həyatına son qoyulmasına dair istisnalar

Sahibsiz heyvanların tutulması, saxlanılması və onların həyatına son qoyulmasına dair bu Konvensiyada nəzərdə tutulmuş prinsiplərdən istisnalar yalnız xəstə heyvanların sayına nəzarət üzrə milli proqram çərçivəsində labüd olduğu hallarda edilə bilər.

 

Fəsil IV

 

İNFORMASİYA VƏ MAARİFLƏNDİRMƏ

 

Maddə 14. İnformasiya və maarifləndirmə proqramları

Tərəflər qeyd edilmiş ev heyvanlarının saxlanılması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan təşkilatların və fiziki şəxslərin Konvensiyanın müddəaları və prinsipləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə informasiya və maarifləndirmə proqramlarının həyata keçirilməsini təşviq etməyi öz üzərinə götürürlər.

Bu proqramlarda xüsusilə aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

a) ev heyvanlarının kommersiya və ya yarış məqsədilə təliminin bu sahədə bilik və bacarığa malik olan şəxslər tərəfindən aparılması tələbi;

b) aşağıdakı hallara yol verilməməsi tələbi:

i. ev heyvanlarının 16 yaşa çatmamış şəxslərə, həmin şəxsin valideynlərinin və ya onları himayə edən şəxslərin aşkar razılığı olmadan hədiyyə kimi verilməsinə;

ii. ev heyvanlarının mükafat təltif və ya bonus kimi hədiyyə verilməsinə;

iii. ev heyvanlarının sayının planlaşdırılmadan çoxaldılmasına;

c) vəhşi heyvanların ev heyvanları kimi alındığı və saxlanıldığı təqdirdə bunun onların sağlamlığı və normal yaşayışı üçün doğura biləcəyi mümkün mənfi nəticələr;

d) arzuolunmaz və sahibsiz heyvanların sayının artmasına gətirib çıxaran ev heyvanlarına məsuliyyətsiz sahiblik riski.

 

Fəsil V

 

ÇOXTƏRƏFLİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Maddə 15. Çoxtərəfli məsləhətləşmələr

1. Tərəflər Konvensiyanın qüvvəyə minməsindən sonrakı beş il ərzində və bundan sonra hər beş ildən bir və Tərəflərin nümayəndələrinin çoxunun tələb etdiyi hər bir halda Konvensiyanın necə həyata keçirildiyini, onun müddəalarının yenidən nəzərdən keçirilməsinin və ya genişləndirilməsinin məqsədəuyğun olub-olmadığını yoxlamaq məqsədilə Avropa Şurası çərçivəsində çoxtərəfli məsləhətləşmələr aparmalıdırlar. Bu məsləhətləşmələr Avropa Şurasının Baş katibi tərəfindən çağırılan toplantılarda aparılır.

2. Bu məsləhətləşmələrdə iştirak etmək üçün hər bir Tərəf öz nümayəndəsini təyin etmək hüququna malikdir. Konvensiyanın iştirakçısı olmayan Avropa Şurasının hər bir üzv dövləti həmin məsləhətləşmələrdə müşahidəçi ilə təmsil olunmaq hüququna malikdir.

3. Hər məsləhətləşmədən sonra Tərəflər məsləhətləşmənin gedişi və Konvensiyanın icrası barədə, o cümlədən Tərəflərin lazım bildiyi təqdirdə Konvensiyanın 15-23-cü maddələrinə düzəlişlərə dair təkliflər haqqında Avropa Şurasının Nazirlər Komitəsinə hesabat təqdim edirlər.

4. Tərəflər Konvensiyanın müddəalarmı nəzərə almaqla, məsləhətləşmələrə dair prosedur qaydalarını hazırlayırlar.

 

Fəsil VI

 

DÜZƏLİŞLƏR

 

Maddə 16. Düzəlişlər

 

1. Tərəflərdən hər hansı birinin və ya Nazirlər Komitəsinin 1-14-cü maddələrə təklif etdiyi düzəlişlər Avropa Şurasının Baş katibinə çatdırılır və onun tərəfindən Avropa Şurasının üzvü olan ölkələrə, Tərəflərə və 19-cu maddənin müddəalarına əsasən Konvensiyaya qoşulmaq üçün dəvət olunan hər bir dövlətə təqdim edilir.

2. Əvvəlki bəndin müddəalarına əsasən təklif olunan hər bir düzəliş Baş katibin bu düzəlişi bütün Tərəflərə təqdim etdiyi tarixdən etibarən iki aydan gec olmayaraq keçirilən çoxtərəfli məsləhətləşmədə baxılır və Tərəflərin 2/3 hissəsinin razılığı olduqda qəbul edilir. Qəbul edilmiş mətn Tərəflərə göndərilir.

3. Hər bir düzəliş çoxtərəfli məsləhətləşmədə qəbul edildikdən on iki ay sonra Tərəflərin en azı birinin etirazı olmadığı halda qüvvəyə minir.

 

Fəsil VII

 

YEKUN MÜDDƏALAR

 

Maddə 17. İmzalanma, ratifikasiya, qəbul, təsdiq

Bu Konvensiya Avropa Şurasının üzvü olan ölkələrin imzalaması üçün açıqdır. O, ratifikasiya, qəbul və ya təsdiq olunmalıdır. Ratifikasiya, qəbul və ya təsdiq sənədləri saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.

 

Maddə 18. Qüvvəyə minmə

1. Bu Konvensiya onun 17-ci maddəsinin müddəalarına əsasən Avropa Şurasının üzvü olan dörd dövlətin onun məcburiliyinə razılıqlarını ifadə etdikləri tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

2. Bundan sonra onun məcburiliyinə razılığını ifadə edən istənilən üzv

dövlət üçün ratifikasiya, bu Konvensiya həmin dövlətin ratifikasiya, qəbul və

ya təsdiq sənədlərini saxlanılmağa verdiyi tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 19. Üzv olmayan dövlətlərin qoşulması

1. Bu Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində göstərilən səs çoxluğu ilə və Razılığa gələn Tərəflərin Nazirlər Komitəsindəki nümayəndələrinin yekdil səsi ilə Avropa Şurasının Nazirlər Komitəsi Şuranın üzvü olmayan istənilən dövləti bu Konvensiyaya qoşulmağa dəvət edə bilər.

2. Konvensiya ona qoşulan istənilən üzv dövlətə münasibətdə, həmin dövlətin qoşulma sənədini Avropa Şurasının Baş katibinə saxlanılmağa verdiyi tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 20. Ərazi məsələsi

1. Hər bir ölkə Konvensiyam imzalayarkən və ya ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədini saxlanılmağa verərkən bu Konvensiyanın tətbiq olunacağı ərazini və ya əraziləri dəqiq müəyyən etməlidir.

2. Hər bir Tərəf sonradan istənilən vaxt Avropa Şurasının Baş katibinə ünvanlanmış bəyannamə vasitəsilə Konvensiyanın tətbiqini həmin bəyannamədə göstərilən digər ərazilərə genişləndirə bilər. Bu cür ərazilərə münasibətdə Konvensiya Baş katibin bu bəyannaməni aldığı tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

3. Əvvəlki iki bəndə əsasən edilmiş hər bir bəyannamə, həmin bəyannamədə göstərilən hər bir əraziyə münasibətdə Baş katibə ünvanlanmış bildiriş vasitəsilə geri götürülə bilər. Bəyannamənin geri götürülməsi Baş katibin hə-min bildirişi aldığı tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 21. Qeyd-şərtlər

1. Hər bir dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbul, təsdiq və ya qoşulma sənədini saxlanılmağa verərkən 6-cı maddənin və 10-cu maddənin 1-ci bəndinin (a) yarımbəndinə aid bir və ya daha çox qeyd-şərtlər edə bilər. Başqa heç bir qeyd-şərtə yol verilmir.

2. Əvvəlki bəndə əsasən qeyd-şərt etmiş hər hansı Tərəf Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş vasitəsilə etdiyi qeyd-şərti tamamilə, yaxud da qismən ləğv edə bilər. Qeyd-şərtin ləğvi Baş katibin bu bildirişi aldığı tarixdən qüvvəyə minir.

3. Konvensiyanın hər hansı bir müddəasına qeyd-şərt etmiş Tərəf hər hansı başqa Tərəfin həmin müddəanı tətbiq etməsini tələb edə bilməz. Bununla belə, Tərəfin etdiyi qeyd-şərt qismən və ya şərtidirsə, onda o, həmin müddəanın özü qəbul etdiyi şəkildə tətbiqini hər hansı başqa Tərəfdən tələb edə bilər.

 

Maddə 22. Denonsasiya

1. Hər hansı Tərəf istədiyi vaxt Avropa Şurasının Baş Katibinə ünvanladığı bildiriş vasitəsilə bu Konvensiyanı denonsasiya edə bilər.

2. Bu cür denonsasiya Baş katibin həmin bildirişi aldığı tarixdən altı ay sonra gələn növbəti ayın birinci günü qüvvəyə minir.

 

Maddə 23. Bildirişlər

Avropa Şurasının Baş katibi AVropa Şurasının üzvü olan dövlətlərə və bu Konvensiyaya qoşulan və ya ona qoşulmaq üçün dəvət olunan hər bir dövlətə aşağıdakılar haqqında məlumat verir:

a) hər hansı imzalama;

b) ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında hər hansı sənədin saxlanca verilməsi;

c) 18, 19 və 20-ci maddələrə əsasən bu Konvensiyanın qüvvəyə mindiyi hər hansı tarix;

d) Konvensiya ilə bağlı hər hansı digər akt, bildiriş və ya məlumat.

Bunun təsdiqi olaraq, bu məqsədlə müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

1987-ci il noyabrın 13-də Strasburq şəhərində hər iki mətn eyni hüquqi qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində bir nüsxədə imzalanmışdır. Əsl nüsxə saxlanılmaq üçün Avropa Şurasının arxivinə verilir. Avropa Şurasının Baş katibi Konvensiyanın təsdiq edilmiş nüsxələrini Avropa Şurasının üzvü olan hər bir dövlətə və bu Konvensiyaya qoşulmaq üçün dəvət olunan hər bir dövlətə təqdim edir.

 

"Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına dair Azərbaycan Respublikasının qeyd-şərti

 

Konvensiyanın 21-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin a. yarımbəndi Azərbaycan Respublikasında tətbiq olunmayacaqdır.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: