Qaydalar

Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsinin və fəaliyyətinin sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməsi QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2007-ci il 2 aprel tarixli

59 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsinin və fəaliyyətinin sərhəd rejimininxüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005- ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsinin və fəaliyyətinin sərhəd rejiminin xüsusiyyəti nəzərə alınmaqla müəyyən edilməsi qaydalarını tənzimləyir.

1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin dövlət sərhədində baytarlıq nəzarəti məntəqələri müvafiq dövlət orqanları (Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi) ilə razılaşdırılaraq qüvvədə olan «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsi hallarının qarşısının alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil olunur və öz fəaliyyətlərini sərhəd və gömrük orqanları ilə əlaqələndirilir.

 

2. Dövlət sərhədində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti

2.1. Dövlət sərhədində baytarlıq nəzarəti məntəqələri öz fəaliyyətlərində «Baytarlıq haqqında» Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin əmr, qərar, təlimat, göstəriş və tövsiyyələrini və bu qaydaları rəhbər tuturlar.

2.2. Bu Qaydalar Azərbaycan Respublikası ərazisinə xarici dövlətlərdən yoluxucu xəstəliklərin keçməsinin qarşısını almağa yönəldilmiş ümumi dövlət tədbirlər sistemindən ibarətdir.

2.3. Dövlət sərhədində baytarlıq nəzarəti məntəqələri:

xarici dövlətlərdən Azərbaycan Respublikası ərazisinə heyvanların yoluxucu xəstəliklərinin keçməsinin qarşısını almaq tədbirlərinin yerinə yetirilməsinə baytarlıq nəzarətini həyata keçirir;

Azərbaycan Respublikasının dövlət sərhədindən xaricə aparılan və xaricdən gətirilən dövlət baytarlıq nəzarətinə cəlb olunan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yemlərin, yem əlavələrinin, bioloji preparatların, dərman maddələrinin, bakteriyaların, göbələklərin, virusların canlı kulturaları, heyvanların yoluxucu xəstəliklərinin törədicilərinin və s. «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin təlimat, qayda və göstərişlərinin və həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrin baytarlıq- sanitariya tələbləri baxımından yerinə yetirilməsinə nəzarət edir.

2.4. Yük sahibi yükü yola salarkən hər partiya yükü və nəqliyyat vasitəsini müşaiyət edən baytarlıq sertifikatının əsli ilə təmin edərək yükün sertifikatda göstərilən tələblərə uyğun hazırlanmasına, temperatur rejiminə riayət etməklə nəql olunmasına və saxlanmasına cavabdehdir.

2.5. Dövlət qeydiyyatına alınması tələb olunan dövlət baytarlıq nəzarətindəki yüklərin (bütün növ yemlər, yem əlavələri, bioloji preparatlar, dərman maddələri, virusların, bakteriyaların, göbələklərin diri kulturaları və ştampları) yalnız Dövlət Baytarlıq Xidmətində qeydiyyata alındıqdan sonra ixracına rəsmi qaydada icazə verilə bilər.

2.6. Xarici ölkələrdən Azərbaycan Respublikasına müvafiq icazə və baytarlıq sertifikatı olmadan heyvan, bəzək quşları və balıqlar gətirilərsə, belə heyvanlar (bəzək quşları və balıqlar) dövlət baytarlıq nəzarəti məntəqəsi tərəfindən saxlanılır və 30 gün müddətinə karantinə qoymaq üçün yaxınlıqdakı baytarlıq idarəsinə göndərilir. Karantin müddəti qurtardıqdan sonra kliniki sağlam heyvanlar (quşlar, balıqlar) sahibinə qaytarılır. Karantin müddətində saxlanılan heyvanlar arasında yoluxucu xəstəlik halları aşkar edilərsə həmin heyvanlar müvafiq qaydada sənədləşdirilərək məhv edilir.

2.7. Sərgi, yarmarka, zoopark və sirk heyvanlarının müvəqqəti ixracına bu heyvanlar çıxan ərazi yolxucu xəstəliklərə görə sağlam olduğu və nəql edilməzdən əvvəl 1 ay müddətində baytarlıq nəzarəti təmin edildiyi təqdirdə icazə verilə bilər.

2.8. Müvəqqəti ixrac olunmuş heyvanlar geri qaytarılarkən onların daimi saxlandığı ərazinin dövlət baytarlıq orqanı tərəfindən təcrid olunaraq 10 gün müddətində baytarlıq nəzarətində saxlanılır.

2.9. İdxal və ixrac olunan heyvanlar arasında xəstə aşkar edildikdə sərhəd baytarlıq nəzarəti məntəqəsi tərəfindən xəstənin məhvinə və xəstəliyin yayılmasının qarşısını almağa yönəldilmiş tədbirlər aparılır, habelə baytarlıq - sanitariya tələblərinə cavab verməyən heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yemin və yem əlavələrinin saxlanması, təcrid olunması, zərərsizləşdirilməsi və ya məhv edilməsi təşkil edilir, görülən tədbirlər müvafiq qaydada sənədləşdirilir.

2.10. Məntəqədə kliniki müayinə zamanı aşkar olunan xəstə heyvanlar saxlanılan təcridxana, heyvanlar saxlanılan yerdən ən azı 100 m aralıda təşkil edilir.

2.11. Həmsərhəd ölkədən onun ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi haqda məlumat alınarkən Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrində, dəmir yolu stansiyalarında, avtovağzallarda, dəniz və hava limanlarında, şəxslərin nəqliyyat vasitələrinin, yüklərin, digər əşyaların, əl yüklərinin, sərnişinlərin paltar və ayaqqabılarının dezinfeksiyası aparılır. Bu məqsədlə Dövlət Sərhəd Xidməti ilə razılaşdırıldıqdan sonra keçidlərdə kameralar, dezobaryerlər, əlüzyuyanlar quraşdırılır. Beynəlxalq poçtlarda poçt göndərmələri (kisələri, qabları) müəyyən olunmuş qaydada Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin nəzarəti altında baytarlıq - sanitariya işləmələrinə cəlb olunur.

2.12. Azərbaycan Respublikası ərazisinin xarici ölkələrdən keçə biləcək heyvanların yoluxucu xəstəliklərindən qorunması məqsədi ilə yük və sərnişin daşıyan avtonəqliyyat vasitələri dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrində yerli şəraitə uyğun olaraq quraşdırılan və daimi fəaliyyət göstərən, (uzunluğu 9 m, eni 6 m və dərinliyi 20-30 sm olan) və dezinfeksiya maddəsi ilə doldurulmuş dezobaryerlərdən keçməlidir. Həmçinin avtonəqliyyat vasitələrinin dezinfeksiyası açıq meydançalarda və ya xüsusi quraşdırılmış dezinfeksiya blokunda və dezinfeksiya kamerasında aparıla bilər.

2.13. Həmsərhəd ölkədən onun ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi haqda rəsmi məlumat alınarkən Azərbaycan Respublikasına sərnişinlərin əl yükü ilə və ya sərnişin yükləri ilə müvafiq icazə olmadan heyvan mənşəli məhsullar və xammal gətirilərsə, belə yüklər müvafiq qaydada sahibindən alınır, qaynadılır və ya yandırılaraq məhv edilir. Bu haqda sərnişinin və yük sahibinin iştirakı ilə müəyyən olunmuş qaydada akt tərtib edilir.

2.14. Dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrinin mütəxəssisləri sərhədyanı ərazilərdə ev və vəhşi heyvanlar və quşlar arasında ölüm halları olduqda bu barədə ərazinin Dövlət Baytarlıq Xidmətinə məlumat verir, xəstəliyin səbəblərinin aydınlaşdırılması məqsədilə əraziyə xidmət edən baytarlıq laboratoriyasına patoloji material göndərir.

2.15. Sərhədyanı ərazidən ildə 2 dəfə baytarlıq laboratoriyasına müayinə üçün ot, torpaq və su nümunəsi göndərilir.

2.16. İdxal və ixrac üçün hazırlanan baytarlıq sənədlərinin tərtibatında pozuntulara, saxtakarlığa və həmin sənədlərin səlahiyyəti olmadan imzalanmasına yol verən baytar mütəxəssisləri və digər şəxslər qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyırlar.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: