Şəmkir rayonunda kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və aqrar sahibkarlığın təşviqinə xidmət məqsədilə Aqrar Biznes Festivalı və Tərəvəz Festivalı təşkil olunub. Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.
Festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. Tərəvəz Festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri- pomidor, xiyar, bibər, badımcan və digər yerli məhsullar təqdim olunub. Festivalda Qazax-Tovuz iqtisadi rayonu üzrə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarından fermerlər və yerli rayon sakinləri iştirak edib.
Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnika və texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik və mineral gübrələr, eləcə də bitki mühafizə vasitələri sərgilənib. Festival iştirakçıları yerli fermerlərin yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq və birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Festivalda kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün açıq havada ziyafət təşkil edilib.
Festivalın rəsmi açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Şəmkir rayonunda kənd təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. O, bu festivalın gələcəkdə regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyinə əmin olduğunu deyib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov vurğulayıb ki, festivallar yerli sahibkarlar, aqrar məhsul istehsalçıları üçün faydalı əməkdaşlıq imkanları yaradır: “Bizim məqsədimiz kənd təsərrüfatının innovativ inkişafını təşviq etmək və fermerlərə dəstək olmaqdır. İnnovasiyalar sadəcə texnika və texnologiyalarla məhdudlaşmır – yeni yanaşmalar, bazara çıxış modelləri və fermerlərimizin biliklərinin artırılması da əsas prioritetlərimizdəndir. Biz fermerlərimizin yalnız məhsul istehsalçısı deyil, eyni zamanda bir sahibkar, bir yenilikçi kimi inkişaf etməsini istəyirik”.
Rəsmi açılışdan sonra sərgi təşkilatçıları və rəsmi nümayəndələr stendləri ziyarət ediblər.
Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY” burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.