XƏBƏRLƏR

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti festival Zəngilan rayonunun Ağalı kəndində keçirilib. İşğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən böyük maraqla qarşılanıb. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil olunub.

Festival çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib. Fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə məlumatlar təqdim edilib. Festivalda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən panel müzakirələr, maarifləndirici sessiyalar təşkil olunub.

Aqrar Biznes Festivalında Türkiyə Respublikasının “Sapmaz Havacılık və İleri Teknolojiler” şirkətinin mütəxəssisləri tərəfindən “Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair” nəzəri təlim keçmiş Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübələr həyata keçirilib.

Festivalın rəsmi açılış hissəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Məcnun Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan və digər ətraf rayonlardan fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Zəngilan rayonunun Ağalı kəndi “Böyük Qayıdış”ın ilk ünvanı olub: “Artıq 3 ildir ki, Ağalıda həyat var. Çox sevindirici haldır ki, ilklərin yaşandığı Ağalı kəndində bu gün ilk dəfə kənd təsərrüfatı festivalı baş tutur. Burada aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər, fermerlər bir araya gəlib öz xidmətlərini və məhsullarını təqdim edirlər. Düşünürəm ki, belə bir tədbirin keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm töhfə olacaq”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu strategiya, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız qısa müddətdə işğaldan azad edilib. Hazırda bu ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır. Nazir qeyd edib ki, tarixi torpaqlarda aqrar fəaliyyətin bərpası, torpağın dirçəldilməsi ilə bağlı kənd təsərrüfatında çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal kənd təsərrüfatı sistemlərinin, aqrar startapların dəstəklənməsi, süni intellekt və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, kənd təsərrüfatını daha məhsuldar və müasir bir sahəyə çevirir. Kənd təsərrüfatını elmə əsaslanan fəaliyyət sahəsi adlandıran nazir Ağalı kəndində torpaqların sakinlərin istifadəsinə verildiyini xatırladıb, torpaq və su infrastrukturunun düzgün təşkili və aqrotexniki qulluq nəticəsində Ağalı kəndində aqrar sahədə iqtisadi faydanın və məhsuldarlığın daha yüksək olacağını vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə yanaşı, həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Rəsmi açılış hissəsinin yekununda təlimlərdə iştirak etmiş şəxslərə Türkiyə Respublikasının Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikatlar və dronların idarə edilməsi üzrə sürücülük vəsiqələri təqdim edilib.

Festivalda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş olunub.

Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: