30.05.2025-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib. ASAN Xidmət Mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil olunub. Festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir.
Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar nümayiş etdirilib. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş ediblər. İştirakçılar öz məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov bölgənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, regionun kənd təsərrüfatı ənənələrinin müasir texnologiyalarla inteqrasiyası məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında innovativ yanaşmaların təşviqi və praktiki biliklərin regionlara ötürülməsi, həmçinin dövlət dəstəyi alətlərindən effektiv istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, əsas məqsəd bu sahədə mövcud yeniliklərin regionlarda yaşayan fermerlər üçün əlçatan olmasına dəstək verməkdir.
Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY” burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.