Şərur rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.
Yarmarka kənd təsərrüfatı istehsalçılarının sertifikatlı toxumlara əlçatanlığının artırılması, toxumçuluq sektorunun inkişafı və fermerlərin innovativ texnologiyalarla tanışlığı məqsədilə təşkil olunub. Tədbirdə fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar yaradıb.
Yarmarkada payızlıq taxıl bitkilərinin, tərəvəz və yem bitkilərinin yüksək keyfiyyətli toxumları, meyvə və ting materialları, eləcə də yeni yaradılmış və yüksək məhsuldarlığı ilə seçilən sortlar nümayiş etdirilib, regionun iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortlarının sərgisi və satışı, həmçinin kənd təsərrüfatına dair müxtəlif məhsul və texnologiyaların nümayişi təşkil edilib. Fermerlər dövlətin aqrar sahəyə yönəltdiyi dəstək mexanizmləri barədə ətraflı məlumat əldə edib, toxum təminatı və məhsuldarlığın artırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçiriblər.
Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY” burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.