Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları 2025-ci il 26–28 noyabr tarixlərində təşkil olunan “Epizootik Rifahın Təmin Edilməsinə dair Dövlətlərarası Elmi-Praktik Konfrans”da iştirak etmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə ezam olunublar. Üç gün davam edən tədbir epizootik rifahın təmin edilməsi, heyvan sağlamlığının qorunması, zoonoz xəstəliklərin qarşısının alınması, antibiotik rezistendliyinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və baytarlıq xidmətlərinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi kimi aktual mövzuları əhatə edib.
Konfransda Rusiya ilə yanaşı, müxtəlif ölkələrin kənd təsərrüfatı və baytarlıq sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, elmi-tədqiqat institutlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Regional miqyasda epizootik təhlükəsizliyin gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və heyvan xəstəliklərinin monitorinqi üzrə qabaqcıl təcrübələrin paylaşılması tədbirin əsas məqsədlərindən biri olub.
Konfransda ölkəmizi Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov təmsil edib.
Tədbir çərçivəsində Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə epizootik vəziyyətin sabit saxlanılması, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, elektron baytarlıq informasiya sistemlərinin tətbiqi, həmçinin region ölkələri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova isə keçirilən konfransda quş mənşəli anticisimlərin — IgY texnologiyasının antibiotik rezistendliyinə qarşı mübarizədə yeni və perspektivli vasitə ola biləcəyini vurğulayıb. O qeyd edib ki, IgY anticisimləri antibiotiklərin həddindən artıq istifadəsinə alternativ kimi çıxış edir və heyvanlarda infeksiyaların qarşısının alınmasında təhlükəsiz, ekoloji və effektiv üsul hesab olunur. Bu yanaşma həm baytarlıq sahəsində xəstəliklərin idarə edilməsini yaxşılaşdırır, həm də antibiotiklərə qarşı müqavimətin azalmasına kömək etməklə dövlət səviyyəsində sağlamlıq strategiyalarına mühüm töhfə verir.
Tədbir ölkəmizin baytarlıq və heyvan sağlamlığı sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə, qabaqcıl təcrübələrin öyrənilməsinə və epizootik rifahın təmin olunmasına yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsinə mühüm töhfə verib.