KTN Baytarlıq Elmi-Tədqiqat İnstitutunun və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, BETİ-nin “Balıq və arı xəstəlikləri şöbəsi”nin müdiri, biologiya və fəlsəfə doktoru, dosent, Turan Elmlər Akademiyasının “Fəxri professoru” Afət Süleymanova, AXA-nın “Balıq sağlamlığı və balıqçılıqda məhsuldarlığın təşkili şöbəsi”nin müavini və sektor müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov tərəfindən 05 dekabr 2025-ci il tarixində Lənkaran şəhəri Regional Təlim Mərkəzində “Balıq-əmtəə təsərrüfatlarında yetişdirilən karpkimi və nərəcinsli balıqların parazitar xəstəliklərinin bioloji xüsusiyyətləri, xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması” mövzusu üzrə fermerlərə təlim-seminar keçirilmişdir.
Bu məqsədlə xüsusi hazırlanmış plan-proqram əsasında göl-balıqçılıq təsərrüfatlarında yetişdirilən karpkimi və nərəbalıqkimi balıqların xəstəliklərinin müəyyənləşdirilməsi, onlara qarşı kompleks mübarizə tədbirlərinin aparılması, xəstəliklərin ləğv edilməsində qabaqlayıcı profilaktika tədbirlərinin təşkili, balıqların parazitar xəstəliklərinə görə müxtəlif üsullarla müayinə qaydaları haqqında geniş məruzələr təqdim edilmişdir.
Azərbaycanda balıqçılığın intensiv inkişaf etdirilməsi, bol məhsuldarlığın əldə edilməsi, infeksion və invazion xəstəliklərin düzgün və vaxtında diaqnostikasının aparılması, eləcə də balıqçılıqda mövcud olan problemlər müzakirə olunmuşdur.
Seminarda “Balıqçılıqda parazitar xəstəliklərə qarşı baytarlıq-sanitariya xidməti” adlı kitab, bukletlər və tövsiyələr fermerlərə təqdim edilmişdir.
Təlimdən sonra təlimçilər fermerlərin iştirakı ilə göl-balıqçılıq təsərrüfatlarına baxış keçirmişlər.